Molla Pənah Vaqifin özü və tarixin sözü
6.11.2017

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. Alimin yazısını təqdim edirik.

Molla Pənah Vaqifin yaradıcılığı həmişə təzə və təravətli olaraq qalacaq. Ona görə ki, Vaqifin şirin, anlaşıqlı, aydın dili var. Hər bir azərbaycanlı oxucu Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Doğrudan da M.P.Vaqifə qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı bir üslubda yazan şairimiz az olub. M.P.Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını müxəmməslərini qələmə almışlar.

Bu cür real həqiqətlər bəzən Molla Pənah Vaqiflə bağlı uydurmaların da yaranmasına səbəb olub. Nəticədə bəzən ədəbiyyatşünaslar Molla Pənah Vaqifə elmi yanaşmadan daha çox onun barəsində təhrifli fikirlərə istinad etməklə tədqiqat aparıblar. Odur ki, Molla Pənah Vaqiflə bağlı müxtəlif dillərdə olan materialların toplanaraq çap olunması, kitabxanalarımızda özünə yer alması onun barəsində əsl həqiqəti üzə çıxarar və vaqifşünaslığın inkişafına xidmət edər. Bu mənada Yusif Vəzir Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” adlı məqaləsində yazır: “İndiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar”. Deməli, Y.V.Çəmənzəminli vaqifşünaslıqda görüləcək işlərin istiqamətlərini aydın şəkildə göstərir: yazılanlarda tarixi materiallarla yanaşı, uydurma şeylərin olması və bunun nəticəsində ədəbiyyatşünasların tarixi materiallara elmi olmayaraq yanaşması, tarixçilərimizin vaqifşünaslıqla bağlı fəaliyyət göstərməməsi, Vaqifin dövrünə aid türk, rus və fars dillərində olan materiallardan lazımi səviyyədə istifadə olunmaması, Vaqiflə bağlı əldə olan materialların fərdi adamlarda olması və ondan istədikləri kimi istifadə etmələri və s. Göründüyü kimi, Y.V.Çəmənzəminli vaqifşünaslıqla bağlı mövcud olan problemlərin müəyyən bir qismini dəqiq şəkildə göstərmişdir.

M.P.Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. “Hər oxuyan Molla Pənah olmaz” fikri sübut edir ki, Vaqif dövründə oxuyanlar, savad sahibləri çox olub. Ancaq onların içərisində heç kəs M.P.Vaqif səviyyəsinə yüksələ bilməyib. Atasının adı Mehdi ağa, adı Pənah olan şairin Vaqif təxəllüsünü götürməsi də təsadüfi deyildir. Belə ki, “Vaqif” sözü “xəbərdar”, “vəqf edən” mənalarında olmaqla Molla Pənah Vaqifin öz dövrünün mütəfəkkiri olduğunu təsdiq edir.

Molla Pənah Vaqif yaradıcılığının özünəməxsus realist ədəbi-estetik mövqeyi olmuşdur. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M.P.Vaqif yaradıcılığında daha güclüdür. Onun yaradıcılığı azərbaycançılıq ideologiyasının təşəkkülündə önəmli rol oynayır.

Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq yenə də M.P.Vaqifə məxsus keyfiyyətdir. Məhz bu baxımdan da “Hər oxuyan Molla Pənah olmaz” zərb-məsəli M.P.Vaqifin kimliyinə verilən yüksək qiymətdir.

Vaxtilə M.F.Axundzadə “Nəzm və nəsr haqqında” məqaləsində M.Füzulinin nəzm ustadı, ancaq onunla müqayisədə Qasım bəy Zakirin və Molla Pənah Vaqifin şair hesab olunması təsadüfi deyil. Bunu M.F.Axundzadə tərəfindən irəli sürülən təsadüfi fikir kimi hesab etmək olmaz və ədəbiyyatşünaslıqda belə də hesab olunmayıb. M.F.Axundzadə nə dediyini və dediyinin elmi-nəzəri əsasını yaxşı bilib. O yazırdı: “Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi ustaddır. Amma mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi – Cavanşirə düçar oldum ki, əlhət türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı. Mənim əqidəmə görə tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu iki şəxsə. Bir də bir Məsiha var imiş, xəyalatı az tapılır”.

M.F.Axundzadəyə görə, İslam tarixindən indiyə qədər, yəni M.F.Axundzadə dövrünə qədər mövcud olan şairlər sırasında M.P.Vaqif və Q.Zakir fərqləndirilir. Təbii ki, Nəsimi, Nəvai, Füzuli və başqa türkdilli şairləri unutmaq olmaz. Bununla belə, M.F.Axundzadə yalnız M.P.Vaqifi, Q.Zakiri şair hesab etməklə şeirə, sənətə və onun qarşısında duranlara yeni tələblərlə yanaşmışdır.

M.F.Axundzadə Molla Pənah Vaqiflə Qasım bəy Zakirin bir-birindən fərqinin incəliklərini də açıqlamışdır. O yazmışdır: “Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbət rəhnümadır və lakin ləzzət və təsir və mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur”. Deməli, M.F.Axundzadəyə görə, M.P.Vaqif zaman etibarı ilə Qasım bəy Zakirdən öndə gələn şair olmaqla onunla müqayisədə yol göstərəndir, yəni bələdçidir. Ancaq dad, tam və iz buraxma, daxilinə işləmə və gözəl işlər, gözəl keyfiyyətlər (şeirdə) Qasım bəydə çoxdur. M.F.Axundzadə öz fikrini təsdiq etmək üçün yazır: “Məsələn: Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükalimə edir ki, adam valeh olur və vəqaye və güzarişatı və əhvali-müasirini və ətvaripirü cavanı bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əşarını oxuyanda müstəme inana bilir ki, şeir vəqiən ləzzətə bais olurmuş”. M.F.Axundzadəyə görə, Q.Zakir şeirlərində öz sevgilisi ilə elə danışır ki, adam valeh olur, hadisələri, baş verənləri və öz həməsrlərini, vəziyyəti elə təsvir edir ki, insan cuşa və zövqə gəlir. Bunun qiyməti misilsizdir. Onun şeirlərini oxuyanda dinləyici, həmən şeirlərə qulaq asan inanır ki, şeir həqiqətən ləzzət verir.

M.F.Axundzadə İslam millətini xəbərdar edir ki, onlar şeirlə nəzmin fərqinə vara bilsinlər. Əslində M.F.Axundzadə zamanın şairini və zamanın şeirini anlatmağa çalışır. Bununla da özləri barədə bədgüman olanların diqqətinə çatdırır ki, onlar şair olmadıqlarını anlasınlar və “yavan nəzmlərin” yaranmasına vaxt sərf etməsinlər. Bu mənada M.F.Axundzadənin fikirlərini olduğu kimi təqdim edirik: “Lilaza (buna görə də – B.X.) milləti-islamı şeirlə nəzmin fərqindən vaqif və bu iki şəxsin haqqında arif etmək üçün onların mənzumatını – o miqdarda ki, dəstgir oldu (ələ keçdi – B.X.), – bir mücəllədin içində basdırıb müntəgir edirəm. Taki, bundan sonra şeir maddəsi ilə zühura gələn vücudlara nümunə və əndazə olsun və bunların əşarını görəndən sonra bir para öz haqlarında müştəbeh olan nəzm sənətkarları şair olmadıqlarını anlayıb, bihudə özlərini zəhmətə salmaqdan və yavan nəzmlərin inşasına övqat şərf eləməkdən əl çəksinlər”. Beləliklə, M.F.Axundzadənin “Nəzm və nəsr haqqında” məqaləsində M.P.Vaqifin ədəbiyyat tarixində mövqeyi ilə bağlı fikirlərini belə ümumiləşdirmək mümkündür:

a) M.P.Vaqif şairdir. Ona görə ki, o, təsviri realizmin banisi kimi qəzəlçilikdən uzaqlaşdı, ədəbiyyatı yeni istiqamətə yönəltdi.

b) M.P.Vaqif zaman etibarı ilə Q.Zakirdən qabaqda olduğu üçün o, ədəbiyyatda yeni bir yol açdı.

c) Mirzə Fətəli Axundzadə çox yaxşı bilirdi ki, ərəb, fars dillərinin Azərbaycan dilinin lüğət tərkibinə təsiri olmuşdur. O, “Süavi Əfəndinin əqidəsinə qarşı kritika” adlı məqaləsində yazırdı: “Ərəblər bizə qalib gələrək öz dillərini bizə qəbul etdirdilər və öz dillərini bizim dilimizə qarışdırdılar. Bizi əsil öz dilimizdə yazılan kitabları dərk etmək üçün ərəb dilini və qaydalarini bilməyə məcbur etdilər. Buna görə fars dilində yazılan kitabları anlamaq üçün iki, türk dilində yazılan kitabları anlamaq üçün isə üç dil bilməyə məcburuq”. Bu mənada doğma ana dilini yabançı dillərin təsirindən təmizləmək M.F.Axundzadəni narahat etməyə bilməzdi. Axı M.F.Axundzadə millətinin, xalqının, dilinin tərəqqisi üçün əlindən gələni əsirgəməyən ictimai xadim idi. O, Azərbaycan balalarının məktəbdə çəkdiyi əziyyətləri də başa düşürdü. Məmməd Cəfərin sözləri ilə desək, “Azərbaycan balası məktəbdə öz ana dilinin qayda-qanunları əvəzində ərəb, fars dillərinin qayda-qanunlarını, ərəb, fars sərf-nəhvini öyrənməli olmuşdu. Odur ki, Axundov ədəbi dili sadələşdirməyi, yabançı kəlmələrdən təmizləməyi təklif edirdi”. [3,432] Məhz bu məqam M.F.Axundzadəyə imkan yaradırdı. Belə ki, M.P.Vaqif dilimizi sadələşdirməyə, milliləşdirməyə üstünlük verirdi. Bu üstünlük isə M.F.Axundzadənin tələblərinə cavab verir, onun istəklərini təmin edirdi. M.F.Axundzadə Azərbaycan ədəbi dilini hansı halda görmək istəyirdisə, M.P.Vaqif də həmin halda Azərbaycan ədəbi dilinə xidmət edirdi. Yenə də Məmməd Cəfərin sözləri ilə desək, “O, (M.F.Axundzadə – B.X.) Azərbaycan ədəbi dilini elə bir hala gətirmək istəyirdi ki, bir azərbaycanlı da rus və ya fransız kimi təkcə öz dilinin qayda-qanunlarını öyrənməklə öz kitablarını başa düşməyə qadir olsun”. Məhz M.P.Vaqif yaradıcılığını Azərbaycan dilinin qayda-qanunlarını bilən hər bir kəs oxuyub başa düşə bilməsi ilə bağlı olaraq M.F.Axundzadə onu təqdir edirdi. M.F.Axundzadəyə görə, hər hansı bir dil başqa dillərin hesabına zənginləşə bilər və bu, məqsədəuyğun prosesdir. Ancaq hər bir dil bu zaman başqa dillərin təsiri altında əzilməməli, korlanmamalı və təsir altına düşməməlidir. Odur ki, M.P.Vaqif bu baxımdan da Azərbaycan ədəbi dilinin ruhunu, təbiətini qoruyur və bu dilin lüğət tərkibinin milli imkanlarına daha üstünlük verirdi. M.P.Vaqifin belə bir mövqe tutmasını M.F.Axundzadə dəyərləndirir nəzm ustadının (M.P.Vaqifin) özünəməxsusluğu kimi qiymətləndirirdi.

ç) M.F.Axundov belə hesab edirdi ki, hər bir xalq ədəbiyyatını, mədəniyyətini öz doğma dilində yazmalıdır. Doğrudan da, bunun özü ən böyük siyasətdir. Həm də ən böyük mədəniyyətdir. Ən böyük siyasət də, ən böyük mədəniyyət də xalqa bağlılıqdan qaynaqlanır. Təsadüfi deyil ki, M.P.Vaqif canlı xalq dilinə bağlı bir sənətkar olmaqla şeir dilinin incəliklərini özündə əks etdirir, ədəbi dilin inkişafına xalq dilinin imkanları çərçivəsində xidmət edirdi. Bu cəhəti M.F.Axundzadə M.P.Vaqifdə aşkar etdiyi üçün onu qiymətləndirirdi. Deməli, M.P.Vaqif M.F.Axundzadənin ədəbi-tənqidi görüşlərinin tələblərini bu baxımdan da ödəyirdi. Təsadüfi deyil ki, Məmməd Cəfər Mirzə Fətəlinin ədəbi-tənqidi görüşlərinə belə yanaşırdı: Axundova görə, sənət əsərinin dili xalqın canlı dili üzərində qurulmalıdır və bu dilin zənginləşməsinə xidmət etməlidir. O, (M.F.Axundzadə – B.X.) ədəbi dildə yüksək üsluba və “izhari-fəzl üçün” işlənilən sözlərə zidd idi. O, (M.F.Axunzadə – B.X.) ədəbi-bədii dildə sadəliyi, aydınlığı və reallığı müdafiə edirdi, göstərirdi ki: “Ləfzidən qərəz, ifadəyi-mənadır”. Beləliklə, bir daha qeyd etmək yerinə düşər ki, M.P.Vaqifin dili sadə, aydın və reallığı əks etdirən dil olmaqla M.F.Axundzadənin ədəbi-tənqidi görüşlərinin tələblərini ödəyirdi.

d) M.P.Vaqifin dili şeir dili olmaqla yeknəsəq, köhnəlmiş söz, ifadə və ibarələrdən uzaq idi. Həm də M.P.Vaqifin dili şeir dilinin (nəzm dilinin) tələblərinə cavab verirdi. Nəzm və nəsr dilinin hər birinin özünəməxsusluğu, təbii ki, M.F.Axundzadənin də ədəbi tənqidi görüşlərində özünə yer alırdı. Odur ki, Məmməd Cəfər M.F.Axundzadənin nəzm, nəsr əsərlərinə və onların dilinə yanaşmasını nəzərə alaraq yazır: “O, (M.F.Axundzadə – B.X.) ayrı-ayrı ədəbi janrların da xüsusi dili olduğunu göstərir. Axundova görə, şeir dili nəsr dilindən ciddi fərqlənməlidir. Şeirin dili nəsrə görə həyəcanlandırıcı olmalı, şeir dili xalqın canlı dili və xalq ifadələrinin bütün incəliklərini, inkişafını, yeniliyini özündə əks etdirməlidir. Yeknəsəq, zəhlətökən və köhnəlmiş sözlər, ifadələr, ibarələr şeir dili üçün yaramaz. Axundov Siruşun öz qəsidəsində işlətdiyi “əzzə və çəllə”, “əleyhümüssəlavat”, “əqarib”, “həşərat”, “dəhüdü” kimi sözləri misal gətirərək qeyd edir ki: “Bu kəlmələrin nəsrdə işlənilməsinə yol verilə bilər, lakin şeirdə işlənilməsi məqbul deyildir. Məsələn, “əzzə”, “çəllə” vaizlərin minbər üstündə zikr etdikləri kəlmələrdəndir. “Əleyhümüssəlavat” çovuşların Xorasan və Kərbəla züvvarlarının qabağında oxuduqları minacatlarında olan kəlmələrdəndir”. M.F.Axundzadənin mövqeyi ilə M.P.Vaqifə yanaşsaq, görürük ki, onun dili oxucunu həyəcanlandırır, o, çəkinmədən, tərəddüd etmədən sözləri, ifadələri, ən başlıcası fikri oxucuya təqdim edir. Doğrudan-doğrua oxucu M.P.Vaqifin şeirlərinin təsiri altında həyəcanlanır.

M.P.Vaqif lirik şeiri realist inkişaf yoluna saldı. Həmid Araslı yazır: “Vaqif yaradıcılığı lirik poeziyanın artıq müəyyən inkişaf yolu keçib formalaşmaqda olduğu bir dövrə təsadüf edir. Vaqif isə formalaşmaqda olan lirik şeiri yeni realist inkişaf yoluna salaraq, onu xalq ruhuna, xalq zövqünə yaxınlaşdırmış, özünə qədərki fərqli bir yolla istiqamətləndirmişdir”. M.P.Vaqif zamandan, dövrdən, həyatdan narazı şeirlərində də, nikbin əhval-ruhiyyəli şeirlərində də olduqca real, zövqlü bir şairdir. Bunu onun şeirlərindən hər biri, o cümlədən “Bayram oldu, heç bilmirəm neyləyim”, “Kür qırağının əcəb seyrangahı var” qoşmaları təsdiq edir. Qoşmaların hər ikisində M.P.Vaqifin narazılığı real olduğu qədər də o, nikbin əhval-ruhiyyədədir. Müqayisə edək:

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Dügiylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Yaxud:

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası, hayıf ki, yoxdur!

Beləliklə, M.P.Vaqif yaradıcılığı ədəbiyyat tarixində fərqli və özünəməxsus bir mahiyyətdə təsdiqini tapdı.

Molla Pənah Vaqif yaradıcılığı vaqifşünaslıqda nə qədər tədqiq edilsə də, hələ də onun əsərləri tam şəkildə bizə gəlib çatmadığı üçün, tam sona qədər toplanmadığı üçün şairin bütün əsərlərini təfsilatı ilə öyrənib təsəvvürdə canlandırmaq çox çətindir. Ancaq bununla belə, M.P.Vaqif o tipli sənətkardır ki, onun yaradıcılığı əsasında tərcümeyi-halının ən mühüm məqamlarını təsəvvür etmək mümkündür. Və tərcümeyi-halının ən mühüm məqamlarını yazmaq mümkündür. Yəni M.P.Vaqifin yaradıcılığı ədəbiyyatşünaslar, tədqiqatçılar, tarixçilər və geniş oxucu kütləsi üçün əsas mənbələrdən biridir. Bu, Firudin bəy Köçərlinin, Həmid Araslının, Salman Mümtazın, Mirzə Yusif Nersesovun (Qarabağinin), Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun və digərlərinin xidmətlərinə kölgə salmaq deyil. Əksinə M.P.Vaqifin yaradıcılığının, eləcə də özünün (dövlət xadimi kimi) mükəmməlliyindən irəli gəlir. M.P.Vaqif yaradıcılığının və dövlət xadimi kimi özünün mükəmməlliyi hətta bir məqamı da öz kölgəsində saxlayır. Həmin məqam budur ki, M.P.Vaqifin özü qədər obrazını yaradan ikincisi yoxdur. Burada Y.V.Çəmənzəminlinin “Qan içində” (“İki od arasında”) romanını, S.Vurğunun “Vaqif” dramını nəzərdə tuturuq. Yenə də Y.V.Çəmənzəminlinin, S.Vurğunun Vaqif barədəki ədəbi-bədii yaradıcılıqlarına kölgə salmadan qeyd etməli oluruq ki, M.P.Vaqifin yaradıcılığı onun obrazı barədə daha dərin təsəvvür yaradır, nəinki Y.V.Çəmənzəminlinin, S.Vurğunun əsərlərindəki Vaqif obrazı. Ancaq Y.V.Çəmənzəminlini də, S.Vurğunu da Vaqif obrazını bədii ədəbiyyata gətirməyə məcbur edən səbəb və yaxud səbəblər vardır. Həmin səbəb və səbəblər sırasında olanlardan biri də milli bədii təfəkkürə və etnoqrafik yaddaşa bağlılıqdır. Y.V.Çəmənzəminlini də, S.Vurğunu da milli bədii təfəkkürə bağlılıq, sədaqət, heç şübhəsiz ki, hörmət, ehtiram Vaqifin bədii obrazını yaratmağa imkan yaratmış, kömək etmişdir. Başqa bir tərəfdən, XVIII əsr tarixinin qaranlıq məqamlarını, ictimai-siyasi mənzərəsini açmaq təkcə siyasətçilərin, tarixçilərin deyil, həm də tarixi mövzulara müraciət edən ədiblərin işi olmuşdur. Bu məsələ ədəbiyyat tarixində ənənəyə çevrilmiş bir hal olmaqla, təbii ki, Y.V.Çəmənzəminlini də, S.Vurğunu da narahat etməyə bilməzdi. Ona görə də hər iki sənətkar (Y.V.Çəmənzəminli, S.Vurğun) Vaqif obrazı ilə yanaşı, XVIII əsrin ictimai-siyasi mühitini ictimailəşdirməyi özlərinə borc hesab etmişlər. Yeri gəlmişkən onu da qeyd edək ki, M.P.Vaqifin dövründə Azərbaycandakı ictimai-siyasi vəziyyəti açmaq, təhlil etmək üçün Y.V.Çəmənzəminlinin romanının, S.Vurğunun dramının böyük əhəmiyyəti vardır. Hər iki sənətkarın yaradıcılığı əsasında geniş oxucu kütləsinin anlaya biləcəyi bir üslubda (bədii üslubda) o dövrün ictimai-siyasi mənzərəsi yaradılır. O dövr barədə təsəvvürlər dərinləşir. Türkiyə və İran istilasından xilas olunaraq öz müstəqilliyini bərpa etmək üçün Rusiyaya meylin güclənməsi, hakimiyyət iddiasında olan xanlıqlar arasındakı ziddiyyətlər (İbrahim xan, Fətəli xan) və s. məsələlər geniş oxucu kütləsini XVIII əsrin ictimai-siyasi mənzərəsi ilə tanış edir. Bu məqamda Molla Pənah Vaqifin Rusiyaya meylini birmənalı qəbul etmək olmaz. Molla Pənah Vaqif çox yaxşı bilirdi ki, Rusiya da imperiya maraqlarına uyğun olaraq, İran kimi Azərbaycana (o cümlədən Zaqafqaziyaya) münasibət bəsləyir. Ancaq bununla belə, M.P.Vaqifin Rusiyaya meylinin özündə də bir siyasət olmuşdur. Bu siyasət M.P.Vaqifə görə, Qarabağ xanlığının müstəqilliyini (o cümlədən Azərbaycanın) qorumağa xidmət etmişdir. Odur ki, S.Vurğun “Vaqif” dramında Qarabağ xanı İbrahim xanın dili ilə deyir:

Bir yandan Türkiyə, bir yandan İran,

Ordan da Rusiya göndərir fərman...

Eləcə də Y.V.Çəmənzəminlinin “Qan içində” (“İki od arasında”) romanında Vaqifin yaşadığı dövrün reallıqları təsvir olunur. Həm də Vaqifin siyasi mövqeyinin xarakterini açır. Ən azı onun siyasi mövqeyində qətilik, birmənalılıq özünü göstərir. “İki od arasında” seçimi etmək, daha doğrusu, hansı tərəfi seçməyin özü də bir siyasətdir. Bu cür siyasəti tarixin sınağından çıxmaqda bir cəsarət, mövqe sahibi olmaq, sabaha inam və etibarın açarını tapmaq kimi də qəbul etmək olar. Elə bu məqamda bir məsələni də aydınlaşdrımağa ehtiyac var. Aydınlaşdırılmasına ehtiyac olan məsələ nədir? Aydınlaşdırılmasına ehtiyac olan məsələ budur ki, İbrahim xanın da, Fətəli xanın da gücləri, qüdrətləri olsa da, vahid və bütöv Azərbaycan düşüncələri, həmin düşüncəni həyata keçirə bilmək siyasətləri yox idi. Belə olan təqdirdə şərq elmlərini bilən, mükəmməl mədrəsə təhsili olan, Salahlıda məsciddə bir müddət məktəbdarlıq edən Molla Pənah, daha sonra Vaqif təxəllüsü ilə yazan Molla Pənah Vaqif dünyagörüşü, biliyi baxımından İbrahim xandan da, Fətəli xandan da fərqlənirdi. M.P.Vaqifin milli və azərbaycançılıq düşüncəsi, siyasi dünyagörüşü və biliyi İbrahim xandan, Fətəli xandan üstün görünürdü. Odur ki, M.P.Vaqifin mövqeyinə təkcə Qarabağ xanlığının vəzirinin tutduğu mövqe kimi yox, həm də elmli, bilikli, dünyagörüşlü, siyasi cəhətdən yetkin olan bir siyasətçi-vətəndaşın mövqeyi kimi baxmaq lazım gəlir. Axı M.P.Vaqifin sarayda olması təsadüfi deyil. Onu saraya xalqın istək və arzusu, özünün ağlı və istedadı gətirir. M.P.Vaqifi saraya nücum və mühəndislik elmlərini bilməsi gətirir. Onun istedadı, biliyi və elmi sayəsində xan bütün səfərlərdə onu özü ilə aparır. Deməli, təcrübəli, istedadlı diplomat (M.P.Vaqif) Qarabağ xanlığının taleyinə elə-belə yanaşa bilməzdi. Onun yanaşmasında böyük həqiqətin, gerçəkliyin olduğuna şübhə ilə yanaşmaq olmaz. Bir daha qeyd etmək lazımdır ki, M.P.Vaqifin Rusiya ilə olan əlaqələrinin möhkəmlənməsi səbəbsiz olmamışdır. Belə ki, Ağa Məhəmməd şah Qacarın hücumundan qorunmaq üçün, o zaman Azərbaycandakı xanlıqların birləşməsinə nail olmaq üçün, bir müddət ölkədəki təhlükəsizliyi təmin etmək məqsədilə M.P.Vaqif Rusiya ilə olan siyasi əlaqələri möhkəmlətməyə çalışmış və bunu çıxış yolu hesab etmişdir. Öz dövrünün görkəmli diplomatı M.P.Vaqif başqa bir yolu görə bilməmişdir. Həm də başqa bir yol olmuşdurmu? Eyni zamanda M.P.Vaqifin mövqeyindən fərqli olan başqa bir yolun hansı üstün cəhətləri olmuşdur? Həmin üstün cəhətlərə (?!) Azərbaycan xanlıqları hazır olmuşdurmu? Çıxış yollarının (bəyənilən və bəyənilməyən) hansı reallıqla uyuşmuş, hansı reallıqdan uzaqda olmuşdur? Bu qəbildən olan çoxlu suallar M.P.Vaqifin mövqeyinə bəraət qazandırır.

azertag.az