Azərbaycan güləş yığmalarının Avropa Millətlər Kuboku üçün heyəti açıqlanıb
7.11.2017

Azərbaycanın sərbəst və qadın güləşi üzrə yığma komandalarının Rusiyanın paytaxtı Moskvada Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirində iştirak edəcək heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, millinin heyətində ümumilikdə 16 idmançı yer alıb. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaqlar.
Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.
Sərbəst güləş millisi isə Moskvaya baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında yollanacaq. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov ( hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, noyabrın 11-də qrup, ertəsi gün final görüşləri baş tutacaq.

report.az