Bakıda 12-ci Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçıların “I am Jazzman” adlı beynəlxalq müsabiqəsi keçirilməklə yanaşı, Azərbaycan caz günləri, uşaq caz konsertləri, kino-caz günləri, caz sənətindən ustad dərsləri və bir neçə seminarlar da təşkil olunub. Həmçinin builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb. Onun “I am Jazzman” müsabiqəsinin qalibi, istedadlı akkordeonçu Seymur Həsənovla birgə çıxışı tamaşaçıları valeh edib.
Bu sözləri festivalın yekunlarına həsr edilmiş mətbuat konfransında Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyeva deyib.
Vurğulanıb ki, festivalın qonaqları sırasında məşhur Siminoloci (Almaniya), Kennedy Administreyşn (ABŞ) kollektivləri, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Секоу Koyat (Qvineya), Omri Mor (İsrail), Оndera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və onların musiqi qrupları yer alıb.
Qeyd edilib ki, bu dəfə də festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşıb.
Festivalın bu il də uğurla təşkil olunduğunu deyən L.Əfəndiyeva bildirib ki, Azərbaycanın caz kollektivləri də bu beynəlxalq tədbirdə ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
azertag.az