“YARAT” Müasir İncəsənət Mərkəzində Bencamin Brittenin “Frenk Bric mövzusunda variasiyalar” və Sofiya Qubaydulinanın “Fachwerk” əsərləri təqdim olunub.
“YARAT”dan bildirilib ki, Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar” adlı ən məşhur bəstələrindən birini müəllimi, bəstəkar Bricə həsr edib. İlk dəfə 1937-ci ildə Zalsburq festivalında tamaşaçılara təqdim edilən bu əsər, sonradan daha geniş coğrafiyada ifa olunmağa başlanılıb. Hələ Kral Musiqi Kollecinin tələbəsi olduğu dövrdə özünü uğur qazanmış bəstəkar kimi tanıtsa da, məhz “Frenk Bric mövzusunda variasiyalar” əsəri Brittenin adına okeanın o tayı daxil, hər yerdə böyük şan-şöhrət gətirib.
“Fachwerk” əsəri barədə Sofiya Qubaydulinanən sözlərini də xatırlamaq yerinə düşər. Bəstəkar deyib: “Bu əsərin adını faxverk (Fachwerk) memarlıq üslubuna olan böyük rəğbətimlə əlaqələndirmək olar. Bu, son dərəcə qeyri-adi, unikal bir üslubdur və burada tikilinin konstruktiv elementləri, bina fasadının arxasında “gizlənmir”, əksinə, ön plana çəkilir."
Musiqili gecədə Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipeyin ifasında təqdim olunan hər iki əsər böyük maraqla qarşılanıb.
Konsertdə ifaçını Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
azertag.az