Suyu istənilən içkiyə çevirən stəkan yaradılıb
7.11.2017

Sinqapur Milli Universitetinin tədqiqatçıları insanın dadbilmə reseptorlarını aldadaraq adi suyu onun kimyəvi tərkibində dəyişiklik etmədən müxtəlif içkilərə çevirən stəkan yaradıblar.

“Vocktail” (virtual cocktail) adlandırılan qurğu işıq diodlarının köməyi ilə içkinin rəngini dəyişir. Dadbilmə reseptorlarının yüngül elektrik stimulyasiyası bu və ya digər dadın hiss edilməsinə səbəb olur, xüsusi borucuq isə mayeyə ətirli qaz ötürür.

Daha əvvəl insanın dadbilmə reseptorlarını məharətlə aldadan rəqəmsal limonad yaradılıb. Yeni texnologiya onunla müqayisədə daha mürəkkəbdir. Alimlər mürəkkəb dad kombinasiyalarını yaratmağı öyrəniblər, həmçinin digər istifadəçilərlə sevimli resepti paylaşmağa və onların elektron kokteyl versiyalarını dadmağa imkan verən xüsusi proqram hazırlayıblar.

“Vocktail” sadəcə virtual simulyasiyanın yaradılması yolunda dönüş nöqtəsi deyil. Bu texnologiyanın köməyi ilə pəhriz saxlamaq daha da sadələşəcək. Belə ki, istifadəçilər artıq kalori almadan şirin limonadın dadı və qoxusuna malik adi su içə biləcəklər.

azertag.az