Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 85 illiyi qeyd olunacaq
8.11.2017

Şuşa təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan musiqi sənətində iz qoyan bir çox dahilərin vətənidir - Şuşa. Elə təkcə Üzeyir Hacıbəylinin adını çəksək kifayət edər...

Elə bir şuşalı yoxdur ki, onun musiqi duyumu olmasın, musiqini sevməsin. Məhz bu sevginin nəticəsidir ki, Azərbaycanda yaranan ilk musiqi məktəblərindən biri də 1932-ci ildə Şuşada tanınmış vokal ustası, böyük sənətkar Bülbülün bilavasitə təşəbbüsü ilə açılıb. Bu məktəbin məzunları arasından ölkənin tanınmış sənətkarları - Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimiz olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il 85 ili tamam olan məktəbin yubiley gecəsi noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Şuşanın düşmən tərəfindən işğal olunmasına baxmayaraq, bu gün məktəbin kollektivi və yetirmələri ruhdan düşmür, Şuşanın və məktəbin adını təkcə ölkəmizdə deyil, bir çox beynəlxalq müsabiqələrdə şərəflə təmsil edir.

1984-cü ildən görkəmli sənətkarımız Niyazinin adını daşıyan məktəbin “Təbəssüm” rəqs qrupu qatıldığı bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib və mükafatlar qazanıb. Eləcə də məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işləri respublika və beynəlxalq miqyaslı sərgilərdə nümayiş olunub.

azertag.az