Bu ay Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ilk tədbir noyabrın 8-də məktəbin böyük zalında təşkil ediləcək. Dövlət Bayrağı Gününə həsr olunacaq tədbirdə məktəbin şagirdləri konsert proqramı ilə çıxış edəcək.
Növbəti tədbir noyabrın 11-də görkəmli bəstəkarımız Tofiq Quliyevin 100 illiyi münasibətilə reallaşacaq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə dinləniləcək, əsərləri səslənəcək.
Həmçinin görkəmli bəstəkar Fikrət Əmirovun 95 illiyi ilə əlaqədar məktəbin müəllim və şagird heyətinin noyabrın 24-də Gəncə şəhərinə səfəri planlaşdırılır.
Tədbirdə F.Əmirovun həyat və yaradıcılığı haqqında məlumat veriləcək, əsərlərindən ibarət rəngarəng musiqi çələngi təqdim olunacaq.
azertag.az