Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist, tanınmış qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Əvvəlcə ustad sənətkar tamaşaçıların alqışları ilə səhnəyə dəvət olunub. Sevimli qarmonunu bağrına basaraq tamaşaçısını öz musiqi dünyasına, böyük ustadların sənət aləminə aparıb. Qarmonun dillərində ustad barmaqları segah üstə yanıqlı nəğmə “oxumağa” başlayıb. Sonra alqış sədaları salonu bürüyüb.
Onun ecazkar sənəti haqqında ilk olaraq fikirlərini Xalq Artisti Tofiq Bakıxanov bölüşüb.
T.Bakıxanov Zakir Mirzəyevi məharətli qarmon ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq və nəhayət cəfakeş alim kimi səciyyələndirib.
Yubiley gecəsində akademik Vasim Məmmədəliyev, Xalq Şairi Nəriman Həsənzadə, Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımov və başqaları Z.Mirzəyevi qarmon ifaçılığında yüksək sənətkarlıq məktəbi yaratmış Kərbəlayı Lətif, Əhəd, Abutalıb, Teyyub Dəmirov kimi azman sənətkarlardan sonra bu sənətdə öz dəst-xətti olan ifaçı kimi qiymətləndiriblər. Onun istər solo ifaçılığında, istər müşayiətçi kimi tərəf müqabil olarkən göstərdiyi yüksək peşəkarlıqdan söhbət açıblar.
Natiqlər Zakir Mirzəyevin xalq arasında hörmət qazanmış musiqiçi və insan kimi yüksək keyfiyyətlərindən danışıblar.
Gecədə tanınmış və gənc incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.
azertag.az