Azərbaycanda “Sinemanın kral və kraliçası”: II sinema güzeli yarışması” keçiriləcək
10.11.2017

Türkiyənin məşhur “Sinemanın kral və kraliçası”: II sinema güzeli yarışması” layihəsinin Azərbaycan təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə layihənin rəhbəri Atilla Kaplakarslan, Ceren Kaplakarslan, Arif İşık və Vüsalə Said Eyyubqızı iştirak ediblər.
A.Kaplakarslan bildirib ki, Azərbaycanda ilk dəfə keçiriləcək yarışma gözəllik müsabiqəsi deyil: "Əlbəttə, seçimlərdə görünüşə diqqət yetiriləcək. Ümumilikdə, 6 ay ərzində onlara təlim keçiriləcək və finalda bu təhsilə diqqət yetiriləcək. Seçimlərdə 18-26 yaş arası şəxslər iştirak edə bilərlər. Biz daha sonra iştirakçılara dəstək olacağıq. Ancaq bizim qaydalarımıza görə, bir il ərzində onlar haqqında mənfi və əxlaqa zidd xəbərlərin çıxması qadağandır".
Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə gənclərə bu sahənin peşəkarları olan tanınmış sənətçilər və münsiflər heyəti qarşısında bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Münsiflər tərəfindən Azərbaycandan seçiləcək bir qız və bir oğlan finala vəsiqə qazanacaq və birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.
Ümumilikdə, Türkiyə, Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən gənclər www.sinemaguzeli.com saytında Azərbaycan bölməsinə daxil olaraq qeydiyyatdan keçəcəklər. Son qeydiyyat tarixi 2018-ci il yanvarın 15-dir.

report.az