Gürcüstanın paytaxtı Tiflis şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “İrsimizə atəş açmayın” adlı yeni sənədli filmin təqdimatı keçirilib.
Bu filmdə sülhə çağırış edilir.
Azərbaycan, alman və rus dillərində hazırlanmış film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.
Təqdimat mərasimində bildirilib ki, dünya siyasətinin tendensiyalarından biri də həqiqətə ikili standartlarla yanaşmaqdır.
Qeyd olunub ki, İrəvanın Azərbaycanın əzəli torpağı olmasını hələ də Qərbin bəzi siyasi dairələri tam qəbul etmək istəmir.
“Bu filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, faciəsi qəlbimizi odlayan dağıdılmış İrəvan məscidləri Qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində də canlandırılır” - deyə bildirilib.
Filmin müəllifi İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə, onların adını dəqiqləşdirib və ilk dəfə film formatında Yerevanın xəritəsində yerlərini aydın şəkildə göstərib.
Ş.Həsənova deyib ki, İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları erməni tarixçisi Tatevos Akopyanın dili ilə ifşa olunur: “Eçmiədzin kilsəsinin yepiskopu Ovanes Şahhatunyantsa istinad edərək o yazıb ki, “Göy məscidin cənub hissəsində Hüseynəli xanın adının olduğu yazı və tikintinin başa çatdığı tarix həkk olunub - 1765-ci il”. Bu da onu subut edir ki, Göy məscidi erməni yalanına zidd olaraq hansısa fars deyil, türk mənşəli qacarlar nəslindən olan İrəvan xanı Hüseynəli xan tikdirib”.
O, Azərbaycanla Ermənistan arasında yaradılan “Sülh Platforması”nın həmtəsisçisi kimi, iki ölkə arasındakı qarşıdurma nəticələrinin aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh ehtiyatlarının axtarılması mövqeyindən çıxış etdiyini qeyd edib: “Filmdə göstərildiyi kimi, rasional fikirli ermənilərin özləri də etiraf edirlər ki, tarixi gerçəkliklər erməni xalqının özündən belə gizlədilir”.
report.az