Bakıda XIX Ümumdünya Gənclər və Tələbələr Festivalına həsr edilmiş sərgi açılıb
13.11.2017

Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) XIX Ümumdünya Gənclər və Tələbələr Festivalına həsr edilmiş sərgi açılıb. Sərgidə Festivalın işinin əsas istiqamətlərinə və bu tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına aid fotoşəkillər nümayiş etdirilir.

RİMM-dən verilən məlumata görə, sərginin açılışında XIX Ümumdünya Gənclər və Tələbələr Festivalının bir sıra nümayəndələri iştirak ediblər. “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, festivalın iştirakçısı Teymur Rəhimov açılış mərasiminə toplaşanların qarşısında çıxış ediblər.

Xatırladaq ki, XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı 2017-ci il oktyabrın 14-dən 21-dək Soçidə keçirilib. Festivalda dünyanın 150 ölkəsindən 18-35 yaşlarında 20.000-dən çox gənc iştirak edib. Müxtəlif sahələri təmsil edən gənc liderlər – gənclərin ictimai təşkilatlarının nümayəndələri, gənc jurnalistlər, yaradıcı və idmançı gənclər, gənc mühəndislər və informasiya-telekommunikasiya mütəxəssisləri, siyasi partiyaların gənclər təşkilatlarının liderləri, gənc sahibkarlar, tələbə özünüidarə qurumlarının liderləri, gənc alimlər və ali məktəb müəllimləri, habelə rus dilini öyrənən və Rusiya mədəniyyəti ilə maraqlanan həmvətənlər və əcnəbilər bir məkanda toplaşıblar.

azertag.az