Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri C.Verdinin “Riqoletto” operası növbəti dəfə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Riqoletto partiyasını milli vokal sənətimizin istedadlı nümayəndəsi Almaniyanın Manheym Milli Opera Teatrında müqavilə ilə çalışan həmyerlimiz, Xalq Artisti Əvəz Abdullayev ifa edib.
Həmçinin, səhnə əsərində Xalq Artisti Əli Əsgərov (Sparafuçille) və gənc solist Nina Makarova (Maddalena) da çıxış ediblər.
Tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını isə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova canlandırıb. Eyni zamanda, Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin operada Hersoq rolunu ifa edib.
Xalq Artisti, professor Cavanşir Cəfərovun idarə etdiyi opera aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb.
azertag.az