Bakı-Tbilisi-Qars layihəsi 2014-də işə düşəcək
7.12.2012

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi çərçivəsində tikinti işləri 2013-cü ilin sonunda başa çatacaq, yolun 2014-cü ildə işə düşməsi gözlənilir.

Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi ilə əsasən Gürcüstan və Türkiyə ərazisi ilə Avropa və Asiya ölkələrinə yüklərin daşınması nəzərdə tutulur.

Q.Nəzirov bildirib ki, artıq bəzi ölkələr bu layihəyə qoşulmaq üçün müraciətlər edib: «Artıq Qazaxıstan bununla bağlı müraciət edib, bu müraciətlər dəmiryolu ilə daşınma tariflərini tənzimləməyə kömək edəcək».

Sədr müavini bildirib ki, layihəyə qoşulan ölkələr bu yolun istismarı üçün xərclərdə iştirak edəcəklər, eləcə də onlara güzəştli tariflər tətbiq ediləcək.

APA