Azərbaycanda ilk dəfə olaraq orta məktəb dərsliklərinin elektron bazası yaradılacaq.
Bu açıqlamanı TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.
Onun sözlərinə görə, bazaya istifadədə olan I-XI sinif dərsliklərinin elektron versiyası, həmçinin dərslik müəllifləri, onların ixtisası, təcrübəsi haqqında məlumatlar daxil ediləcək: “Sivil ölkələrdə dərsliklərlə bağlı belə elektron materiallar var. Bazaya dərsliklərin nəşr ili, nəşr dili, müəllifləri, dərslik haqqında bütün iradlar, ekspert rəyləri, neçə dəfə çap olunmasına dair bütün materiallar daxil ediləcək. Hazırda bazanın yaradılması üzərində iş gedir. Bu məqsədlə Təhsil Nazirliyinə və bütün nəşriyyatlara məktublar göndərilib”.
A. Batıyeva qeyd edib ki, bazaya TQDK-nın dərsliklərlə əlaqədar apardığı monitorinqlərin nəticələri də yerləşdiriləcək: “Bu, bizə imkan verəcək ki, yeni dərslik nəşr ediləndə monitorinqin nəticələri zamanı qeyd edilən səhvlərin düzəlib-düzəlmədiyini izləyək”.
APA