BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons ilə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə kollektivi arasında böyük görüş olub.
Ali Məktəbdən verilən məlumata görə, tədbirdə həmçinin BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər.
BANM-in kampusunun konqres zalında baş tutan tədbirdə Qari Cons “Liderlik” mövzusunda master-klass keçib.
Ali Məktəbin rektoru Elmar Qasımov BP şirkətini Azərbaycanda 25 illik fəaliyyəti münasibətilə təbrik edib və BP-nin ölkədə olan sosial fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. O, BANM-ə olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə BP şirkətinin regional prezidenti Qari Consa Bakı Ali Neft Məktəbinin fəxri qonağı diplomunu təqdim edib.
Q.Cons bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindən biridir.
O, məmnunluqla qeyd edib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi neft və qaz ixtisaslı 13 mühəndisin 5-i BANM-in məzunudur, həmçinin yay təcrübəsi (interna) üçün seçdiyi 26 tələbənin 14-ü BANM-də təhsil alır.
Q.Cons həmçinin BP şirkətinin Azərbaycandakı 25 illik fəaliyyətinin uğurlarından danışıb, şirkətin kadrların milliləşdirilməsi siyasətini və tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb.
O, daha sonra liderlik haqqında öz maraqlı fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barəsində tələbələrlə səmimi diskussiya aparıb. Q.Cons 1981-ci ildən bu günə qədər BP-də çalışan tədbir iştirakçıları ilə öz karyera təcrübəsini paylaşıb və bu illər ərzində fəaliyyətinin əsas istiqamətlərindən danışıb.
Görüşün sonunda tələbələr Qari Consa onları maraqlandıran çoxsaylı suallar ünvanlayıblar.
report.az