Dubayda “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri, istedadlı rəssam Aida Mahmudovanın əl işlərindən ibarət ilk fərdi sərgisinin açılışı olub.
“Səhra olduğu kimi” (Desert as it is) adlı sərgi Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə nümayiş olunur. Tanınmış rəssamın yeni rəsmlər toplusu sərgini ziyarət edən sənətsevərlər, eləcə də ictimaiyyətin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Dubaydakı “Quadro” qalereyasında açılan sərgidə ziyarətçilərə maraqlı və orijinal üslubda yaradılmış 17 yeni əsər təqdim olunub. Müəllif əsərlərində səhra qumunun zəngin teksturasını özəl rəngkarlıq texnikası sayəsində yaradır və rəngin incə dəyişikliklərini özünəməxsus ustalıqla əks etdirir. Rəssamın səhra landşaftı üslubunda çəkilmiş əsərləri xüsusi zaman və məkan təəssüratı yaradır.
Aida Mahmudova sərgi iştirakçıları ilə söhbətində “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti barədə məlumat verib və bu birliyin müasir incəsənətin öyrənilməsi və milli mədəniyyətin ictimai təbliği ilə məşğul olduğunu diqqətə çatdırıb.
“Quadro” qalereyasının direktoru Roberto Lobardo sərgidə nümayiş olunan əsərlərdən xüsusi zövq aldığını bildirib. O deyib ki, Aida Mahmudovanın əl işləri ərəb sənətsevərlərinə ilk dəfə təqdim olunur. Bu işlər rəssamın yaradıcılığının yeni nümunələridir. R.Lobardo xüsusi vurğulayıb ki, seçilmiş mövzu regionun sənət dünyası üçün çox aktualdır və rəsmlər olduqca pozitiv və uğurlu alınıb.
Sərgi iştirakçılarının fikrincə, Azərbaycan rəssamı Aida Mahmudovanın Birləşmiş Ərəb Əmirliklərində açılan sərgisi ölkəmizin mədəniyyətinin və incəsənətinin ərəb dünyasında tanınmasına xidmət edir. Sərgi istedadlı rəssamın yaradıcılığı ilə tanışlıq baxımından əla imkandır.
Sərginin açılışında sənətsevərlərlə yanaşı, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov, ölkəmizin Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və diplomatik nümayəndəliklərimizin əməkdaşları da iştirak ediblər.
“Səhra olduğu kimi” sərgisi dekabrın 5-dək davam edəcək.
azertag.az