Gənc Tamaşaçılar Teatrında yeni premyera - “Eşqi-Nigar”
15.11.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının qəhrəmanlıq dastanı - “Koroğlu” eposunun motivləri əsasında hazırlanmış “Eşqi- Nigar” adlı səhnə əsərinin premyerası olub. Səhnə əsəri Bakı Yunus Əmrə İnstitutu ilə Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşıb.

Premyeradan əvvəl teatrın direktoru , Əməkdar Artist Mübariz Həmidov və Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək müştərək layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına töhfə verdiyini bildiriblər.

Ortaq türk mədəniyyətlərinin türkdilli ölkələrdə təbliği və qarşılıqlı şəkildə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayan natiqlər layihənin reallaşmasından məmnunluq ifadə ediblər.

Səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər. Səhnə redaksiyasının müəllifi Amalya Ömərova olan tamaşanın quruluşu rejissor Ayla Həşimova, plastik həlli isə Ceyhun Dadaşova məxsusdur.

Tamaşa türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkib. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir.

azertag.az