Azərbaycanlı rejissorun filmi Estoniya kinofestivalında təqdim olunacaq
16.11.2017

Noyabrın 17-də Estoniyada Şimali Avropanın ən iri kinofestivallarından birinə - “Qaranlıq gecələr” (PÖFF) festivalına 21-ci dəfə start veriləcək. Proqrama 70-dən artıq ölkənin filmləri daxil edilib.

Festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi təqdim olunacaq. “Oskar” kino mükafatına namizədliyi irəli sürülən kinolent Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə “Buta Film”in birgə yaradıcılığıdır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Rolaf Yan Minneboodur. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digər aktyorlar canlandırıb.

PÖFF – Şimali Avropada ən iri kinofestivallardan biridir. 2016-cı ildə bu festivalda 80 min tamaşaçı, kino sənayesinin 1000 xadimi və dünyanın hər yerindən jurnalistlər iştirak edib.

PÖFF 2014-cü ildə bədii filmlərin kinofestivalı qismində akkreditasiyaya layiq görülərək, dünyanın ən məşhur 14 kinofestivalı, o cümlədən Kann, Berlin və Venesiya kinofestivalı ilə bir cərgəyə qoyulub. Bu akkreditasiya festivala beynəlxalq müsabiqə proqramlarını, o cümlədən ümumdünya və beynəlxalq premyeraları təşkil etməyə imtiyaz verir və festival çərçivəsində istedadlı kino xadimlərinə öz yaradıcılıqlarını şəxsən təqdim etməyə şərait yaradır.

azertag.az