Ukraynada azərbaycanlı heykəltəraşa medal təqdim edilib
16.11.2017

Azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov Ukrayna Prezidenti Petro Poroşenkonun fərmanı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Xarkovun Opera və Balet Teatrında medalın təqdimetmə mərasimi keçirilib.

Heykəltəraş Seyfəddin Qurbanova medalı Xarkov Vilayətinin qubernatoru Yuliya Svetliçnaya təqdim edib.

Qubernator çıxışında bildirib ki, Seyfəddin Qurbanov Ukraynada heykəltəraşlığın inkişafında böyük xidmətləri olan şəxsdir. Ukraynada bir çox məşhur insanların heykəllərinin müəllifi S.Qurbanovdur və onun əsərləri ölkədə çox sevilir.

Seyfəddin Qurbanov ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Bu mükafatın Azərbaycan dövlətinə, xalqına olan münasibətdən qaynaqlandığını vurğulayan heykəltəraş deyib: “Ukraynada çalışdığım dövrdən həmişə Azərbaycanın adını uca tutmuşam və bundan sonra da uca tutacağam”.

Seyfəddin Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır. O, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.

azertag.az