Bakıda və Moskvada Xalq Artisti Fərhad Bədəlbəylinin 70 illik yubileyi qeyd ediləcək
16.11.2017

Dekabrın 27-də görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu münasibətlə noyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında pianoçunun yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Digər tədbir isə dekabrın 13-də Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.Çaykovski adına Konsert Zalında baş tutacaq. Tədbirdə Fərhad Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, Xalq Artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları - Xalq Artisti Yalçın Adıgözəlov, Əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Fərhad Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib.

azertag.az