Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilk dəfə Orenburqda
17.11.2017

Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilk dəfə Orenburq vilayətində qastrolda olub. Teatr qadınların öz hüquq və azadlıqları uğrunda mübarizəsindən bəhs edən Xalq Şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

TASS-a istinadla bildirilir ki, bu barədə teatrın direktoru, Dağıstanın Əməkdar Mədəniyyət İşçisi Firdovsi Əsgərov məlumat verib.

“Bu tamaşa Orenburq üçün hədiyyə oldu, burada milli mədəniyyət nümunəsi təqdim olundu”, - deyə Orenburqun Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Yaşar Məsimov bildirib. O, teatrı gələn ilin martında Orenburqa Novruz bayramına dəvət edib.

Qeyd edək ki, Dərbənddə fəaliyyət göstərən teatr XX əsrin əvvəllərində həvəskar teatr kimi yaradılıb. 1998-ci ildə teatra dövlət statusu verilib.

azertag.az