Bakıda “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” kitabı işıq üzü görüb
17.11.2017

Məlumdur ki, ötən il bütün Şərqdə türk dünyasının böyük mütəfəkkiri, dahi özbək şairi Əlişir Nəvainin 575 illiyi yüksək elmi məclislərlə anıldı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdikləri “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” adlı beynəlxalq elmi konfrans Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, Qazaxıstanda, Hindistanda və başqa ölkələrdə keçirilən beynəlxalq elmi simpozium və konfransların rəmzi olaraq yekunu kimi də dəyərləndirildi.

Bu günlərdə həmin konfransın materiallar toplusu – “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.

Kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Əlişir Nəvai - ümumtürk dünyasının qardaşlıq rəmzi” adlı məqaləsi ilə açılır. O, yazır: “Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardan biridir. Eyni zamanda, Əlişir Nəvai ümumtürk ədəbiyyatının da, hətta türk-müsəlman dünyası ədəbiyyatının da böyük korifeyləri sırasında çox şərəfli yer tutur. Ümumiyyətlə, Əlişir Nəvai dünya ədəbiyyatının görkəmli simalarından biridir”.

Kitabda Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyevin “Əlişir Nəvai – Özbək - Azərbaycan əlaqələrinin möhkəm təməlidir” və AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Nəvai “Xəmsə” yazanlar arasında Nizaminin ən böyük şagirdidir”, filologiya elmləri doktoru Almaz Ülvinin “Əmir Əlişir Nəvai və onun ədəbi xəzinəsinin inciləri”, Özbəkistan Respublikası Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbahor Aşurovanın “Tarixə nəzər və müstəqillik dövrü nəvaişünaslığı”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Əlişir Nəvai və XIII – XIV əsrlər özbək poeziyası”, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Əlişir Nəvainin “Heyrət ül-əbrar” poemalarının müqayisəli təhlili”, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Əlişir Nəvai və ümumtürk intibahı” adlı məqalələri yer alıb.

Kitabda 37-ci illər repressiyasının qurbanlarından biri, özbək əsilli böyük şərqşünas alim Xalid Səid Xocayevin Kanadanın Toronto şəhərində yaşayan qızı Bəhicə xanım Xocayeva-Məmmədovanın, Özbəkistan Respublikası Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin professorları İbrahim Yoldaşovun və Səadət Muhammədovanın təbrik məktubları da verilib.

2017-ci ildə “Nurlan” nəşriyyatında çap olunmuş “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” adlı məqalələr toplusunun elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri səfir Şerzod Fayziyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktorları filologiya elmləri doktoru Almaz Ülvi və Özbəkistan Respublikası Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbahor Aşurovadır.

azertag.az