İstiqlal Muzeydə “Qara dastan-37” adlı sərgi açılacaq
20.11.2017

Noyabrın 23-də Azərbaycan İstiqlal Muzeyində muzeyin, Dövlət Təhlükəsizliyi Xidməti arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan – 37” adlı tədbir-sərgi keçiriləcək.

Muzeydən bildirilib ki, sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunacaq.

Sərgidə bu il anadan olmasının 135 illiyi dövlət səviyyəsində qeyd edilən və adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyünün rəmzinə çevrilən Hüseyn Cavidə aid guşə də ziyarətçilərə təqdim ediləcək.

Qeyd edək ki, 1920-ci ildən başlayaraq 30 ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biridir. Bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevrildilər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatmışdır.

azertag.az