“Gənclərə Dəstək” layihəsinin növbəti konserti maraqla qarşılanıb
20.11.2017

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında “Gənclərə Dəstək” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına Musiqi Kollecinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən konsertdə solo, ansambl və xor musiqi nömrələri səsləndirilib.

Konsertdə Əməkdar İncəsənət Xadimi, professor Nəzmiyyə Abbaszadə, Xalq Artisti, professor Zəhra Quliyeva, Əməkdar Artist Töfhə Babayeva və digər pedaqoqların tələbələri öz ifaçılıq məharətlərini nümayiş etdiriblər.

Musiqili gecədə respublika və beynəlxalq müsabiqələr laureatları Səid Bağırzadə, Nigar Cəlilova, Mətanət Nurullayeva, Çinarə Əzimova, Asif Quliyev, Fatimə Əliyeva, Orxan Cəlilov, Əsmər Süleymanova, Osman Mustafazadə, Orxan Hüseynov, Şəms Ağazadə, Fidan Muxtarova və Leyla Zeynalova rəngarəng musiqi nömrələrinə müraciət edərək Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.

Sonda Azərbaycan Milli Konservatoriyasının xorunun ifasında Üzeyir Hacıbəylinin “Arazbarı” və Müslüm Maqomayevin “Odlar yurdu” əsərləri səsləndirilib.

Qeyd edək ki, “Gənclərə Dəstək” layihəsi yeni mövsümə oktyabrın 16-da start verib. Gənc istedadlı musiqiçilərin iştirakı ilə keçirilən layihədə ifaçılar Azərbaycan və xarici bəstəkarların əsərlərinə müraciət edərək öz məharətlərini nümayiş etdirirlər.

azertag.az