"Yeni hazırlanan təhsilin dövlət standartları layihəsinə görə, gələcəkdə tam orta təhsil səviyyəsində bütün siniflər təmayüllər üzrə fəaliyyət göstərəcək".
Bunu Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov deyib.
Nazir müavini bildirib ki, yeni layihədə fənlərin azaldılması nəzərdə tutulur: "İxtisaslaşmanın daha da dərindən aparılması üçün tam orta təhsil pilləsində təmayüllü siniflər tətbiq olunacaq".
Onun sözlərinə görə, bəzən müəllimlər proqramlardan kənar tapşırıqlar verirlər: "Bu da onların istedadı ilə bağlıdır. Çünki hər bir müəllimin əsas məqsədindən biri istedadlı uşaqları aşkarlamaqdır. İstedadlı uşaqların aşkarlanması, onlara proqramdan əlavə tapşırıqların verilməsi təbiidir. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkarlanması üçün daim tədbirlər həyata keçirilir. Gələcəkdə Təhsil Nazirliyi müəllimlərin bu istiqamətdə maarifləndirməsinə də diqqət yetirəcək".
Nazir müavini hesab edir ki, müəllimlər hər bir şagirdə onun fərdi potensialını nəzərə almaqla tapşırıqlar verməlidirlər: "Uşaqların psixoloji durumu normal olmalıdır. Ona görə də uşaqlara artıq tapşırıqların verilməsi yol verilməzdir".
report.az