Regionlara metodik dəstək davam edir
21.11.2017

Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq müəssisənin bədii təhsil şöbəsinin əməkdaşları Rauf İmanov və Zəbulla Quliyev uşaq musiqi, incəsənət və orta ümumtəhsil məktəblərinə metodiki kömək göstərmək məqsədilə Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında təlim xarakterli tədbirlər həyata keçiriblər.

Nazirlikdən bildirilib ki, məktəblərdə müxtəlif ixtisaslar üzrə təqdim olunmuş yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahatlar verilib, müxtəlif metodiki vəsaitlər təqdim edilib. Habelə ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəbin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq bu istiqamətdə zəruri tövsiyələr verilib.

Sonda həmin məktəblərin müəllim kollektivləri ilə ümumi iclas keçirilib, onları maraqlandıran suallara cavab verilib, arzu və təkliflər dinlənilib.

azertag.az