Dövlət qurumlarının 650-dən çox məlumatı vətəndaşlar üçün açıq oldu
21.11.2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan “Açıq Hökumət Məlumatları” portalı - “www.data.gov.az”-ın yeni versiyasının təqdimatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə “Elektron hökumət” portalına xidmətləri inteqrasiya olunan dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxış edib.

Elmir Vəlizadə Açıq Məlumatların Elektron hökumət quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu qeyd edib. O bildirib ki, “www.data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumatlardan asanlıqla istifadə edə biləcəklər.

Hər bir qurum öz səlahiyyəti çərçivəsində zəruri bildiyi məlumatları müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olaraq açıq etməlidir.

Daha sonra “Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim edilib. Elektron Hökumət Portalının koordinatoru Cəmşid Naxçıvanski bildirib ki, portalın yeni versiyasında açıq məlumatların sayı artırılıb. O, “www.data.gov.az”-da hazırda 650-dən çox məlumatın vətəndaşlar üçün əlçatan olduğunu qeyd edib. “Daha əvvəl portalda 25 məlumat var idi. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar bundan sonra müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək”.

Qeyd edək ki, bu məlumatlar “Azərsu” ASC, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir.

Bununla yanaşı, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan edilən "Bax, istifadə et və yarat" adlı müsabiqə barədə ətraflı məlumat verilib.

Bildirilib ki, İKT mütəxəssisləri, “start-up”-çılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə çərçivəsində “www.data.gov.az” portalının Açıq Hökumət Məlumatlarından istifadə etməklə ictimai əhəmiyyətli mobil əlavələrin yaradılması nəzərdə tutulur.

Müsabiqənin məqsədi Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (www.data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqə noyabrın 25-nə qədər davam edəcək.

Müsabiqənin şərtləri barədə əlavə məlumat:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə

“Bax, İstifadə et, Yarat!”
adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini

ELAN EDİR

Müsabiqənin məqsədi:

Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (www.data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri:

- Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

- Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (www.data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

- Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:

Yekun bal = 3xS + 2xF + 2xT + 2xD + 2xM

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

Müsabiqənin mükafat fondu:

- 1-ci yer - 2000 AZN
- 2-ci yer - 1500 AZN
- 3-cü yer - 1000 AZN

- İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.
- Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;
- Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.

“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq “www.data.gov.az” portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.

Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.

trend.az