Noyabrın 19-da Azərbaycan ilk dəfə Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş beynəlxalq milli mətbəx festivalında iştirak edib.
Builki VII beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunub. Ölkəmizin Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva deyib ki, burada yaradılan Azərbaycan pavilyonu bu ölkədəki konsulluğumuz, Azərbaycan-Avstraliya Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən müxtəlif nümunələr, eləcə də mədəni proqram təqdim olunub.
Konsulun sözlərinə görə, tədbir Qərbi Avstraliyanın qubernatorunun rəsmi iqamətgahında təşkil olunub. Qubernator Kerri Sanderson Azərbaycan pavilyonuna baş çəkib, ölkəmizin festivalda ilk dəfə iştirakına baxmayaraq, təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. Festivalın Azərbaycan pavilyonundan əldə olunan gəlir “Girls Academy” xeyriyyə fonduna keçirilib.
VII beynəlxalq festivalda iştirak edən dövlətlər arasında ölkəmizlə yanaşı, Almaniya, Avstriya, Belçika, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Danimarka, Estoniya, Hindistan, Xorvatiya, İndoneziya, İsveç, İtaliya, Kolumbiya, Malayziya, Mavriki, Nepal, Niderland, Norveç, Şri-Lanka, Vyetnam, Yaponiya və Yunanıstan yer alıblar.
azertag.az