ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlı dəyişiklik naminə fəaliyyət” layihəsinin icrası başa çatıb. Bu gün bununla bağlı tədbir keçirilib. Qeyd olunub ki, layihənin məqsədi Azərbaycanda qayğıya ehtiyacı olan əhali təbəqəsinə diqqət ayırmaq, ehtiyacı olan uşaqlara daha güclü dəstək sisteminin qurulmasıdır.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza çıxışında bildirib ki, layihənin icrasına 2004-cü ildən başlanıb. Layihə çərçivəsində Azərbaycanın 12 rayonunda 30 min uşağın, 8 min ailənin həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərilib.
M. Brayza gələcəkdə icra olunacaq layihələr barəsində də danışıb. Səfir qeyd edib ki, ABŞ səfirliyi Heydər Əliyev Fondu ilə birgə peşə məktəbləri ilə bağlı layihə üzərində işləyir: “Bu yeni layihədir və Azərbaycanda qızların peşə təhsilinə cəlb edilməsi məqsədini daşıyır”.