Noyabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli rejissor, Əməkdar İncəsənət Xadimi Zəfər Nemətovun və görkəmli rəssam Həsən Haqverdiyevin 100 illiyi çərçivəsində “İki dost” adlı tədbir keçirilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə reallaşdırdığı tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar unudulmaz rəssam Həsən Haqverdiyevin sənət əsərlərindən ibarət “Davam” adlı sərgiyə baxıblar.
Xalq Artisti Hacı İsmayılovun aparıcısı olduğu tədbirdə hər iki sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.
Sənətkarların ömür yolundan və zəngin yaradıcılığından danışan H.İsmayılov diqqətə çatdırıb ki, hər iki sənətkar ömürlərinin sonunadək sadiq dostlar olublar. Ağrılı illərdən işıqlı sənətə doğru çətinliklə addımlayan sənətkarlar bütün məşəqqətlərə baxmayaraq, sənətə olan sevgidən daşınmayıb, daim irəliyə baxmağa müvəffəq olublar.
Tədbir çərçivəsində təqdim edilən Zəfər Nemətova həsr olunmuş “Zəfər ömrü” kitabı haqqında qonaqlara məlumat verən Xalq Artisti nəşrin teatrşünaslığın inkişafına töhfə olduğunu qeyd edib.
Xalq Rəssamı Arif Hüseynov çıxış edərək Həsən Haqverdiyevin yaradıcılığından söz açıb. O qeyd edib ki, H.Haqverdiyev vaxtaşırı yaratdığı bütün sənət əsərlərində mövzu aktuallığı ilə ərsəyə gətirdiyi qrafik nümunələrin düşündürücülüyünü təmin edib. Onun rəngkarlıq və qrafik yaradıcılığını olduqca obyektiv hesab etmək olar. Zəngin və böyük yaradıcılığa malik Həsən Haqverdiyev hər zaman sənətini sevən, ona bütün gücünü qoyan sənətkarlardandır.
Xalq Rəssamı söyləyib ki, rəssamın tablolarına xas lirizmi onun yaradıcılıq üslubunun göstəricisidir. Yaradıcılığında janr məhdudluğu hiss edilməyən Həsən Haqverdiyevin çəkdiyi çoxsaylı portret və mənzərələrdə obrazlara və məkanlara cəlbedici rəng vermək istəyi qabarıqdır. Həsən Haqverdiyevin Azərbaycan ictimaiyyətinin görkəmli qrafika ustası kimi tanınması etiraf olunan faktdır.
Həsən Haqverdiyevin qızı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova atasının sənətindən, sənətinə olan sevgisindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edən Z. Qafarova iştirakçılara minnətdarlığını bildirib.
Xalq Artisti Əminə Yusifqızı Zəfər Nemətovla bağlı xatirələrindən danışıb. Sənətkarın zəngin yaradıcılığından danışan Ə.Yusifqızı teatr tariximizə töhfə olacaq “Zəfər ömrü” kitabının işıq üzü görməsini yüksək qiymətləndirib.
Qeyd edilib ki, kitab sənətkarın sənət fəaliyyəti ilə gələcək nəsillərin daha da yaxından tanış olması üçün qiymətli vəsaitdir. Bir neçə nəslin bədii-estetik zövqünün formalaşmasında xidmətləri olan sənətkar hər zaman gərgin əməyini nümayişkaranə təqdim etməyi bacarıb. Zəfər Nemətovu görənlərin, tanıyanların kitabda yer almış xatirələrindən hiss edilir ki, sənətkar zəngin elmi biliyə və psixoloji duyuma malik şəxs olub. Onun sənətə gətirdiyi yeniliklər, qazandığı tamaşaçı məhəbbəti hər zaman örnəkliyi ilə seçilib. Z. Nemətovun rejissorluqla yanaşı, ictimai və pedaqoji fəaliyyəti də məhsuldar olub. Azərbaycan teatrşünaslığının dəyərli əsərləri içərisində məxsusi yeri olan bu kitab mövzu və məzmununa görə seçilib-sayılan kitablardan hesab ediləcək.
Vurğulanıb ki, milli teatr tarixində özünəməxsus dəstxəti və yaradıcılıq üslubu olan sənətkar quruluş verdiyi tamaşalarda peşəkarlıq səviyyəsinə və janr əlvanlığına hər zaman diqqət edib. O, çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarını dövrün tələblərinə uyğun, gənclərin estetik tərbiyəsində rol oynayan əsərlərlə zənginləşdirməkdə mühüm işlər görüb.
Z. Nemətovun insani keyfiyyətlərindən bəhs edən natiqlər onunla bağlı xatirələrini bölüşüblər.
Çıxış edən digər qonaqlar hər iki sənətkarın milli mədəniyyətimizin inkişafında xidmətləri olan şəxs kimi xarakterizə ediblər.
Zəfər Nemətovun oğlu, Xalq Artisti Azərpaşa Nemətov tədbirin təşkilatçılığında əməyi olan hər kəsə təşəkkür edib.
azertag.az