Rəssam Çingiz Mehbaliyev yeni əsərini təqdim edib
22.11.2017

Rəssam Çingiz Mehbaliyev tarixi mövzuda çəkdiyi növbəti rəsm əsərini ictimaiyyətə təqdim edib. “Şollar su kəmərinin çəkilişi” adlanan bu rəsm yağlı boya ilə kətan üzərində çəkilib.

Rəsmdə solda Şollar su kəmərinin çəkilməsini icra etmiş inşaat mühəndisi Uilyam Lindley, mərkəzdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, sağda isə onların tərcüməçisi təsvir olunub. Arxa fonda isə Şollar su kəmərinin tikintisi ilə bağlı qızğın iş əksini tapıb.

Əsərin necə yaranması barədə rəssam deyib: “İçmək üçün Şollar suyu axtararkən qərara gəldim ki, layihənin əsas təşəbbüskarlarından olan neft milyonçusu H.Z.Tağıyevin və əvəzedilməz əməyi olan ingilis mühəndis U.Lindleyin xatirəsini yad etmək üçün mütləq onların rəsmini çəkməliyəm. Beləliklə eskizlər, tarixi fotolar və məqalələr üzərində araşdırmalara başladım”.

Bu əsəri Şollar su kəmərinin çəkilməsinin 100 illiyinə həsr etdiyini söyləyən müəllif su kəmərini Azərbaycan tarixində reallaşdırılmış ən həyati əhəmiyyətli layihələrdən hesab edir.

“Şollar su kəmərinin çəkilişi” rəsmi Azərbaycan rəssamlığında özünəməxsus xüsusiyyətlərinə görə əlamətdardır. Belə ki, Şollar su kəmərinin çəkilməsindən 100 il keçməsinə baxmayaraq Azərbaycan rəssamlığında U.Lindleyin heç bir portreti yoxdur. U Lindleyin H. Z. Tağıyevlə birgə fəaliyyəti indiyə kimi rəsmə köçürülməyib. Şollar su kəmərinin Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşımasına baxmayaraq bu layihənin necə meydana gəlməsinə dair indiyə kimi heç bir rəsm əsəri yaradılmayıb. Bütün bu xüsusiyyətləri nəzərə alsaq rəssam Çingiz Mehbaliyevin “Şollar su kəmərinin çəkilişi” rəsmi Azərbaycan rəssamlığı üçün əhəmiyyət kəsb edə və bu mövzuya aid ilk rəsm əsəri hesab oluna bilər.

azertag.az