Rusiyanın “Mədəniyyət” Telekanalının təşkilatçılığı ilə keçirilən “Bolşaya Opera-2017” beynəlxalq televiziya müsabiqəsinin beşinci mövsümü başlayıb. Müsabiqədə Rusiya, Azərbaycan, Belarus, Serbiya, Qazaxıstan, Özbəkistan və Ukraynadan 10 vokalçı iştirak edir.
Layihədə ölkəmizi Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov təmsil edir.
Müsabiqənin münsiflər heyətində dünya şöhrətli ifaçı və rejissorlar təmsil olunurlar. Builki münsiflər heyətinin üzvləri sırasında - Qvinet Jons (İngiltərə), Kristina Opolais (Latviya), Bruno Pratiko (İtaliya), Gelikon Opera Teatrının baş rejissoru Dmitriy Bertman (Rusiya) və Nadya Mixael (Almaniya) yer alıb.
Müsabiqənin şərtlərinə görə hər buraxılış zamanı ifaçılar yeni tematik proqram, rejissor həlli, səhnə tərtibatı ilə televiziya tamaşaçıları qarşısına çıxırlar. Üçüncü turda ifaçılar dahi rus bəstəkarlarının əsərlərinə, 4-cü turda isə opera duetlərinə müraciət ediblər.
Müsabiqənin həmin buraxılışlarında iştirakçıları Azərbaycanın Əməkdar Artisti, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə S.Rixter adına Ermitaj Simfonik Orkestri və Moskva “Russkaya Filarmoniya” orkestri müşayiət edib.
Qeyd edək ki, opera müğənnilərinin yeganə peşəkar televiziya müsabiqəsi olan “Bolşaya Opera” 2011-ci ildə yaranıb və tamaşaçı məhəbbətini qazanıb.
azertag.az