Bakıda məşhur portuqaliyalı müğənni, musiqiçi və fado ifaçısı Mariya Ana Bobonenin konserti keçirilib.
Gecəni giriş nitqi ilə açan Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jorje Fonseka tədbirin Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunduğunu bildirib.
O, ölkələr arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək mədəniyyət sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Ardından Mariya Ana Bobone Portuqaliyanın milli musiqi və rəqs janrı olan fado janrında əsərlər ifa edib. Qeyd edək ki, "fado" hərfi mənada "tale" anlamına gəlir, musiqi əsərlərində əsas təəssürat acı taleyin qəbul edilməsidir.
Yekdilliklə bu janrda ən yaxşılardan biri olaraq tanınan M.A.Bobone yaradıcılığında əvvəlki nəsillərə ən yaxşı səslərin ənənələrini və özünəməxsus üslubunu birləşdirib.
Tədbir çərçivəsində həmçinin Portuqaliya şərablarının dadına baxılıb.
report.az