Normanı aşan təmizlik axtarışı
22.11.2017

Psixologiyada “obsessiv-kompulsiv pozuntu” adlanan xəstəlik var və “təmizlik xəstəliyi” də onlardan biridir. Hər şeydə təmizlik axtarışı və hər yerdə ona nail olmaq istəyi bir müddət sonra çıxılmaz hala gətirir.

Həddindən artıq təmizlik axtarışı, hər şeyin çirkli olduğuna inanmaq və hər şeyi davamlı olaraq yuyub-silmək kimi hərəkətlərin təkrarlanması “təmizlik xəstəliyi” adlandırılır.

Psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, həmin xəstəliyə səbəb bəzən müxtəlif psixotravmalar olsa da, bəzi xarici ədəbiyyatlara görə, streptokok infeksiyasıdır. Xəstəlik zamani xəstə öz hərəkətinin düzgün olmadığını bildiyi halda davranışlarını nizamlaya bilmir. Xəstəlik insan iradəsinə tabe olmur. Şübhəli düşüncədən xilas olmağa və unutmağa səy göstərsə də, alınmır. Məsələn, əllərini tər-təmiz yuduğu halda təmizliyə əmin olmadığı üçün onu təkrar yuyur.

Psixoloq-alim deyib: ”Xəstəlik özünü dörd formada göstərir. Birinci forma diqqətlə əlaqədardır. Xəstənin fikri həmişə dolaşıq olur, diqqətini bir yerə cəmləyə bilmir. Məsələn, kiməsə nəsə olacağını fikirləşir, evdən çıxarkən qapını bağlamadığını, qazı və işığı söndürmədiyini düşünür, gün ərzində həmin düşüncələrdən rahatlıq tapa bilmir.

İkinci forma simmetriya ilə əlaqədardır. Həmişə çalışır ki, əşyalar bir-birinə paralel olsun və ya hündür binaların mərtəbələrini sayır, maşınların nömrələrinə fikir verir, hər yerdə və hər şeydə uyğunluq və simmetriya axtarır.

Üçüncü forma dini inancla əlaqədardır, onların beyinlərinə dinlə bağlı bəzi fikirlər gəlir.

Nəhayət, ən çox yayılmış forma təmizliklə əlaqədardır.

Ümumiyyətlə, hər kəsdə hansısa oxşar əlamətlər ola bilər, lakin həmin hal yaşam tərzinə, gündəlik həyata mane olursa, artıq xəstəlik halına çevrilir. Məsələn, gündəlik təmizlik işlərinə 20 dəqiqə vaxt sərf edirsə və bu, normal həyat fəaliyyətini pozursa, onu artıq təhlükəli xəstəlik kimi qəbul etmək olar.

Xəstəliyə bioloji, psixoloji və ekoloji faktorlar səbəb ola bilər. Çox nizamlı və vasvası, ya da həddindən artıq, ifrat qayda-qanun bu cür düşüncələr və bununla əlaqədar davranış forması inkişaf etdirməsi mümkündür. Anası çox vasvası olan uşaq gələcəkdə “təmizlik xəstəliyinə” yoluxa, eyni zamanda, onun həyatda yaşadığı ağır hadisə də xəstəliyə aparıb çıxara bilər. Məsələn, iflas, boşanma və s. kimi yaşanan hallardan sonra həmin düşüncə və hərəkətlərin özünü büruzə verməsi mümkündür.

Xəstəliyə yoluxma ictimai və iş həyatını pozur. Təmizliyə olan həddindən artıq ehtiras ətrafdakı yaxın adamları, qohum və tanışları çəkindirə bilər. Ən böyük zərbə xəstənin özünə dəyir. Təmizliyə çox vaxt sərf etdiyi üçün başqa işlərə vaxt tapa bilmir, ictimai həyatla əlaqəsi pozulur. Ailəli olanda həyat yoldaşı və uşağı ilə ünsiyyətində problem yaşanır. Gücünü təmizlik işlərinə sərf edərək özünü əldən salır, yorğun və əldən düşmüş olur. Müəyyən müddətdən sonra orqanizmdə narahatlıqlar, bel, əzələ və oynaq ağrıları meydana çıxır. Vaxtında müalicə olunmayanda depressiya pozğunluğu kimi narahatlıq da yarana bilər”.

azertag.az