Qaçqın və məcburi köçkün gənclər mükafatlandırılıb
24.11.2017

Noyabrın 23-də Gənc Tamaşaçılar Teatrında qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti keçirilib.

Əvvəlcə yaradıcı qaçqın və məcburi köçkünlərin əldə etdikləri uğurlarla bağlı videoçarx nümayiş olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, dövlətimiz gənclərin problemlərini daim diqqət mərkəzində saxlayır və onların həllində lazımi kömək göstərir. Bunun nəticəsində Azərbaycan gəncləri istər ölkəmizdə, istərsə də ondan kənarda müxtəlif sahələrdə xeyli uğurlara imza atırlar. Bu məqsədlə nazirlik əlaqədar dövlət qurumları və ictimai təşkilatlarla birgə qaçqın və məcburi köçkün gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması, yaradıcılıq potensiallarının üzə çıxarılması ilə bağlı bir sıra layihələr həyata keçirir. Festivalın bundan sonra iki ildən bir keçiriləcəyini qeyd edən nazir müavini müsabiqədə uğur qazanan yaradıcı gənclərin gələcəkdə Azərbaycanı ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil edəcəklərinə inamını bildirib.

Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar Artist Gülüstan Əliyeva çıxışlarında müsabiqənin qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq potensialının aşkar edilməsində və onların inkişafında rolundan söz açıblar.

Sonra qaçqın və məcburi köçkün gənclər arasında rəsm, musiqi, rəqs müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

azertag.az