Bakıda "Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis"i keçiriləcək
27.11.2017

Baku Expo Mərkəzində noyabrın 28-də mlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək.

Komitədən verilən məlumata görə, məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Sərgidə 14 ölkədən 70-ə yaxın şirkətin məhsulları nümayiş olunacaq. Tədbirdə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonlar yaradılacaq. Bir mənzil üzrə uduşlu lotereya keçiriləcək.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Sərginin 2-ci günü - noyabrın 29-da Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Tədbir saat 13:30-da başlayacaq. Məqsəd daşınmaz əmlak idarəçiliyi, o cümlədən Azərbaycanda daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır.

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Belarus Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, aidiyyatı dövlət qurumlarının nümayəndələri, eləcədə bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

trend