Parisdə möhtəşəm muğam gecəsi
27.11.2017

Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məşhur fransız caz ifaçısı Pyer de Treqomenin rəhbərliyi ilə muğam-soul konserti keçirilib.

Azərbaycanın Dostları Assosiasiyasından verilən məlumata görə, ifaçıları səhnədə istedadlı musiqiçilərimiz - Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara) və Vasif Hüseynzadə (piano) müşayiət ediblər.

Muğam axşamında Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək Azərbaycanın mənəvi sərvəti sayılan və UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən muğam haqqında danışıb. Bildirib ki, muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövqverici musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmiz haqqında həqiqətləri olduğu kimi dinləyicilərə çatdırmağa kömək edir.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova isə fransız caz ustası Pyer de Treqomenin muğam sənətinə olan marağından, layihənin yaranma tarixindən söz açıb. Qeyd edib ki, milli sərvətimiz olan muğam füsunkar xüsusiyyəti ilə həmişə Şərq musiqisinin mistikasına vurğun musiqisevərləri özünə cəlb edir. Dünyanın hər yerində musiqi həvəskarları bu əsrarəngiz və fəlsəfi musiqini sevir və araşdırırlar.

Gecədə musiqiçilərin əsrarəngiz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, konsert noyabrın 17-də tanınmış muğam ifaçısı Qoçaq Əsgərovun Fransanın tanınmış caz ifaçısı Pyer de Treqomenlə birgə “Muğham souls” adlı musiqi albomunun işıq üzü görməsi münasibətilə təşkil olunub.

azertag.az