Musiqili Teatrda “Nuri-didə Ceyhun” əsəri əsasında eyniadlı tamaşa hazırlanır
28.11.2017

Azərbaycan Dövlət Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır. Yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir.

Rejissor M.Ələkbərzadə yeni tamaşa haqqında deyib: “Pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi ikihissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanınması üçün Paris konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub. Doğrudur, əsər Ceyhun Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edir, amma burada C.Hacıbəyli ümumilikdə vətənsizlik yaşayan mühacirlərimizin - bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazdır. Fransada Vətən həsrətli yuxularla təskinlik tapan Ceyhun Hacıbəyli bütün təkidlərə rəğmən, qürbətdə qalmağı seçir. Məşəqqət dolu həyatında bir-birinin ardınca aldığı itkilər onu psixoloji cəhətdən sarsıtsa da, ömrünün sonuna qədər mühacir həyatı sürür. Bütövlükdə bu ziyalı soydaşımızın ictimai-siyasi və şəxsi həyatını özündə ehtiva edən əsərdə Ceyhunun vətənsizliyi ön planda göstərilir. Keçirdiyi bütün sarsıntılara baxmayaraq Ceyhun inamla sabaha doğru addımlayır və əsər də gələcəyə doğru addımlarla yekunlaşır”.

Tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edəcək.

Səhnə əsərində Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə ediləcək.

Quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev olan səhnə əsərində rəsmlərin quruluşu Vüsal Rəhimova, baletmeyster işi isə Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

azertag.az