Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo” Agentliyinin Bakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında tanınmış opera müğənnisi, RF-nin Xalq Artisti Oleq Poqudinin “Rus romansı gecəsi” adlı konserti olub.
“Rossotrudniçestvo” Agentliyinin rəhbəri Valentin Denisov gecəni açaraq bildirib ki, gözəl səsə malik Oleq Poqudin müasir dövrün ən tanınmış opera müğənnilərindən biridir, böyük romans ifaçısıdır.
Konsert sürəkli alqışlarla müşayiət olunub.
Oleq Poqudin 1968-ci il dekabrın 22-də Sankt-Peterburqda anadan olub. 1978-1983-cü illərdə musiqi məktəbinin dirijorluq sinfində oxuyub, 1979-1982-ci illərdə Y.Slavnitskinin idarəçiliyi ilə Leninqrad Radio və Televiziyası Uşaq Xorunun solisti olub. Müğənni Çerkasov adına Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunu bitirib. ABŞ-da “Eugene O'Niell Theater Center”də “Amerika müzikli” proqramı üzrə staj keçib. 2009-2012-ci illərdə isə Qalina Pavlovna Vişnevskayanın Opera İfası Mərkəzində bədii rəhbərin vokal sinfində staj keçib.
Müğənninin repertuarına müxtəlif janrda olan 500-dən çox əsər, o cümlədən rus şəhər və klassik romansları, Avropa estrada musiqisi, müzikl və operettalardan ariyalar, xalq mahnıları, P.Çaykovskinin romansları, A.Vertinskinin və B.Okucavanın mahnıları, sovet estradasından və hərbi-vətənpərvərlik mövzusunda mahnılar var. Çıxışların coğrafiyası 3 qitəni əhatə edir, mahnılar isə 10-dan çox Avropa dilində ifa olunur.
O.Poqudin çoxlu sayda mükafatın və titulun sahibidir, bir sıra fəxri adlara, o cümlədən “Rusiya Federasiyasının Xalq Artisti” fəxri adına layiq görülüb.
azertag.az