Gələcəkdə balıqartırma müəssisələrində bölgə balıq körpələrinin buraxılışı nəzərdə tutulub
28.11.2017

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində nərəkimi, qızılbalıq və çəkikimi balıq növləri yetişdirilir. Qızılbalıqartırma müəssisələrində forel və Kür qızılbalığı, çəkikimi balıqartırma müəssisələrində çəkikimilərin dörd növü - çəki, kütüm, çapaq, ağ amur, nərə balıqartırma müəssisələrində nərəcinsli balıqların dörd növü - nərə, uzunburun, kələmə və bölgə yetişdirilir. Gələcəkdə zavodun təmir-törədici fondunda təmsil olunan bölgə balıqlarından cinsi məhsullar alınaraq bölgə balıq körpələrinin buraxılışı nəzərdə tutulub.

Bu barədə departamentin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

Sektor müdiri qeyd edib ki, “Qırmızı Kitab”a daxil edilmiş, habelə nərəcinsli və digər qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin artırılması və bərpası məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

azertag.az