Bakı Mühəndislik Universitetinin (BMU) iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar.
Universitetdən bildirilib ki, CIMA (Chartered Institute of Management Accountants - İdarəetmə Uçotu üzrə İmtiyazlı Mühasiblər İnstitutu) 1919-cu ildə Böyük Britaniyada qurulub. İnstitut 350 mindən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur.
CIMA peşəkar kvalifikasıyadır və bu ixtisaslaşdırma proqramı imkan verir ki, ölkəni və ya olduğun yeri tərk etmədən özünün biznes və idarəetmə uçotu istiqamətlərində peşəkarlığını və keyfiyyətli mütəxəssis olduğunu sübut edəsən. Bunun üçün CIMA tərəfindən təşkil olunan beynəlxalq sertifikasiya imtahanında tələb olunan nəticəni göstərmək kifayətdir.
BMU-nun mühasibat uçotu və audit, maliyyə, biznesin idarəedilməsi və dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri ixtisaslardan asılı olaraq CIMA-nın toplam yeddi imtahanına qədər azad olma imkanı qazanırlar.
Bu nəticə CIMA-nın London ofisindən dəvət olunan mütəxəssislərin BMU-da müvafiq ixtisaslar üzrə həyata keçirilən tədris planları və tədris prosesi ilə yaxından tanış olmasından sonra əldə edilib.
Xatırladaq ki, BMU Azərbaycanda bakalavr üzrə bu imtahanlardan azad olan yeganə universitetdir və mühasibatlıq üzrə dərslər ACCA və CIMA tədris proqramlarına uyğun keçirilir.
azertag.az