Azərbaycanda həkim və müəllimlərin əmək haqqının hesablanması mexanizmi dəyişəcək
13.12.2012

Azərbaycanda təhsil və səhiyyə işçilərinin əmək haqqının hesablanması üzrə yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.
Konsepsiyada qeyd olunur ki, tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər həyata keçiriləcək. Bundan başqa, təhsil sahəsində də nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi yaradılacaq.

Konsepsiyaya əsasən, bununla yanaşı səhiyyə və təhsil işçilərinin kənd yerlərində işləməsi həvəsləndiriləcək. Belə ki, kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcək. Eləcə də, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək.

APA