İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi tərəfindən 28 noyabr-İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibətilə təşkil olunan sərgidə Azərbaycanın Pakistandakı səfirliyi də iştirak edib.
Pakistanın Planlaşdırma Komissiyası sədrinin müavini, sabiq xarici işlər və maliyyə naziri Sartac Əziz, Pakistan Milli Assambleyası Xarici İşlər komitəsinin sədri Maxdum Xusro Bəxtiyar, Senatının Xarici İşlər komitələrinin sədri xanım Nuzhat Sadiq, Xarici İşlər katibi Təhminə Cancuan, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatların və aparıcı media nümayəndələrinin qatıldığı sərgidə İƏT-in üzvü olan ölkələrin səfirlikləri öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadi vəziyyətini əks etdirən materiallar nümayiş etdiriblər.
Tədbirdə çıxış edən qonaqlar - Sərtac Əziz, Maxdum Xusro Bəxtiyar, Nuzhat Sadiq və Təhminə Cancua İƏT-in yaranma və inkişaf tarixindən, təşkilatın region ölkələrinın siyasi, iqtisadi və mədəni əməkdaşlığında, həmçinin sülh və təhlükəsizliyin qorunmasında oynadığı mühüm roldan danışaraq, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonra iştirakçılar İƏT üzvü ölkələrin sərgilərinə baxıblar.
Səfirliyimizin sərgisində Azərbaycanın dövlətçilik tarixi, iqtisadi inkişafı, mədəni dəyərlərini təcəssüm etdirən kitablar, fotoşəkillər və suvenirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
azertag.az