Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunan “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatı olub.
Təqdimat mərasimində Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov ölkələrimiz arasında bütün sahələrdə o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib, ümumi dil, din, mədəniyyətlərin oxşarlığı haqqında danışıb. Deyib ki, xalqlarımız arasında bütün dostluq və qardaşlıq əlaqələri ilə bağlı ərsəyə gələn bu film təqdirəlayiqdir. O, belə kinolentlərin daha çox çəkilməsinin vacibliyinə toxunub, bu işə görə AMM-ə təşəkkürünü bildirib.
Muxtar Nəsirov Səmərqənd Şəhər Hakimiyyətinin və Dövlət Universitetinin birgə qərarı ilə xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, bu istiqamətdə çoxsaylı tədbirlərin reallaşması sahəsindəki əməyinə görə AMM-in direktoru Samir Abbasova və DC-nin icraçı direktoru Erkin Nuriddinova diplom təqdim edib, digər təşkilatçılar da mükafatlandırılıb.
Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrdən danışıb, “Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində Avesta, xalq yaradıcılığımizin mərdlik və qəhrəmanlıq rəmzi olan “Kitabi-Dədə Qorqud” dastanı, Babək, Koroğlu, özbəklərin min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi kimi türk xalqlarının qəhrəmanlıq obrazlarının yaradıldığını vurğulayaraq, onlar arasında oxşarlıq, filmdə Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi xalq qəhrəmanlarının ekranlaşdırılmış səhnələrinə geniş yer verildiyini qeyd edib.
Sənədli filmin rejissoru Eldar Məmmədov ilk dəfə olaraq filmdə ötən əsrin 70-ci illərində Azərbaycanda Özbəkistan, Özbəkistanda Azərbaycan mədəniyyət günləri, habelə ulu öndər Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrların öz əksini tapdığını qeyd edib.
Qeyd edək ki, sənədli əsərdə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların qardaş ölkənin mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Daha sonra “Əzəli dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib. Filmdə tariximizin, mədəniyyətimizin ən parlaq səhifələri, dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazanılan uğurlar, müstəqillik dövründə bu dostluğumuzun dərinləşdirilməsi haqqında danışılır, ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətləri olduğu vurğulanır.
Filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.
azertag.az