Operasevərlər gələn ay səhnənin yeni Leyli və Əslisi ilə tanış olacaq
29.11.2017

Dekabrın 6-da Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.

Teatrdan məlumat verilib ki, bu dəfə səhnə əsərində Əsli rolunu gənc xanəndə Sədəf Budaqova ifa edəcək. Operada gənc xanəndənin tərəf müqabili teatrın solisti Elnur Zeynalov isə Kərəm partiyasını canlandıracaq.

Bundan başqa, sənət ocağında dekabrın 10-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq. Gənc muğam ifaçısı - Rəvanə Qurbanova operada Leyli rolunu ifa edəcək. Məcnun rolunda isə səhnəyə Əməkdar Artist Səbuhi İbayev çıxacaq.

Hər iki səhnə əsəri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

azertag.az