Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılışı olub.
Açılış mərasimində Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Milli Geyim Evinin fəaliyyətindən danışıb. Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılışını yüksək dəyərləndirən F.Əliyeva təhsildə təcrübənin xüsusi roluna da toxunub.
Qeyd edilib ki, milli geyim növlərinin norma və qaydaları əsasında milli geyim standartlarının hazırlanması təlim-tədris mərkəzinin əsas hədəflərindəndir. Milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim dəstləri tikilir və insanların istifadəsinə verilməklə adət-ənənəmizi yaşadır.
Universitetin dizayn və dekorativ sənət kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Arif Əziz, Bakı Milli Geyim Evinin təsisçisi, rəssam, dizayner-modelyer Könül Vəlibəyli mərkəzin gördüyü işlərdən, həyata keçirilən layihələrdən və gələcək planlardan söz açıblar.
Vurğulanıb ki, fəaliyyəti 10 ildən artıq dövrü əhatə edən Bakı Milli Geyim Evi Azərbaycan milli geyimlərini hazırlayaraq respublikamızda və onun hüdudlarından kənarda nümayiş etdirir. Bu tədris mərkəzinin yaradılmasının məqsədi Bakı Milli Geyim Evinin təcrübəsini tələbələrlə paylaşmaq, milli səhnə geyimlərinin hazırlanmasını gənc nəslə öyrətmək, habelə onlara əl işi, kəsim, biçim, tikim və diplom işlərində dəstək olmaqdır.
Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə yaradılan mərkəzə rəssamlıq fakültəsinin dizayn və moda ixtisası üzrə tələbələri cəlb olunub. Həmçinin digər ölkələrlə tələbə mübadiləsi də aparılacaq.
azertag.az