Azərbaycanın əsas aviasiya qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda azad iqtisadi zona yaradılacaq.
Bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.
Konsepsiyaya əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi, uçuş-enmə zolağı və anqarlar istifadəyə veriləcək və bu ərazidə azad iqtisadi zona yaradılacaq, həmçinin digər 6 beynəlxalq hava limanı və hava donanmasının yeniləşdirilməsi işləri davam etdiriləcək.
Bundan başqa, beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabət qabiliyyətinin artırılması üçün ölkə ərazisi ilə daşınmalar sadələşdiriləcək. Belə ki, sənədə əsasən, Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində ölkənin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycan ərazisində yükdaşımalar ilə bağlı xərclərin azaldılması, idxal-ixrac əməliyyatları və tranzit üçün sərf edilən vaxtın qısaldılması və proseduraların sadələşdirilməsi tədbirləri həyata keçiriləcək.
APA