Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim təşkil edib.
Şirkətdən verilən məlumata görə, “Pitçinq” üzrə master-klassda (qısa təqdimat üzrə təlim) iştirakçılara qısa təqdimatların üç əsas üsulu olan “the high-concept pitch” (startap ideyasının bir qısa cümlə ilə ifadə etmək bacarığı), “the elevator pitch” (“lift təqdimatı” üsulu) və “the pitch deck” (“Power Point” və s. alətlər vasitəsilə qısa təqdimat) barədə ətraflı məlumat verilib.
“The high-concept pitch” adlanan ilk üsul startapın ideyasını bir cümlə vasitəsilə ifadə etməkdən ibarətdir. Bu üsul sayəsində şirkət barədə məlumat dostlar, müştərilər və investorlar tərəfindən daha asan şəkildə yayıla bilər. Applab iştirakçılarının təlim zamanı öyrəndikləri digər təqdimat üsulu “the elevator pitch” (“lift təqdimatı” üsulu) adlanır. Bu üsulun əsas mahiyyəti məhsul və komanda barədə məlumatın müvafiq auditoriyaya 30 saniyə ərzində çatdırılmasından ibarətdir. Bu kimi təqdimat növündən liftdə və yaxud növbədə dayanarkən istifadə oluna bilər. Digər təqdimat üsulu isə “the pitch deck” adlanır ki, bu da biznes-plana bənzər bir təqdimat növüdür. Bu təqdimat əsas məqsəd, xülasə, komanda barədə məlumat, əsas problemlər və onların həlli yolları və s. kimi hissələrdən ibarətdir.
“Pitçinq” üzrə master-klass sayəsində mən təqdimat etmə sənətinin incəliklərini daha yaxşı başa düşürəm. Uğurlu təqdimat etmək üçün, sadəcə, gözəl danışıq qabiliyyətinə malik olmaq kifayət deyil”, - deyə “CineMania.az” layihəsinin təsisçisi Cavid Axundov bildirib.
“Applab” proqramının iştirakçısı olan “Buket.al” startap layihəsinin sosial media üzrə mütəxəssisi Vəfa Məmmədzadə isə təlim zamanı bir neçə yeni termin ilə tanış olaraq satış sahəsində yeni yanaşmalar və qısa təqdimat üsulları barədə ətraflı məlumat aldığını bildirdi: "Təlimin ən maraqlı hissələrdən biri isə təlimçilərin bu mövzu ilə bağlı real həyatdan götürülmüş misalları və şəxsi təcrübələri oldu”.
Qarşıdakı aylar ərzində "Bakcell" şirkəti developerlər üçün blokçeyn (blockchain) texnologiyası, layihə idarəetməsi və s. mövzularda treninqlər də təşkil edəcək.
Qeyd edək ki, “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur.
report.az