"Kaspersky Lab" SOCAR-ın müəssisələrində təhlükəsizlik sistemi tətbiq etmək niyyətindədir
30.11.2017

"Kaspersky Lab" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə şirkətin müəssisələrində kibertəhlükəsizlik sisteminin tətbiqi ilə bağlı danışıqlar aparır.
Bunu "Kaspersky Lab"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov bildirib.
"Danışıqlar pozitiv yöndə davam etdirilir. Sənaye sisteminin qorunmasının tətbiqi bir-iki günün işi deyil. Şirkətlərdə kibertəhlükəsizliyinin tətbiqi sənaye müəssisələrindəki tətbiqdən tamamilə fərqlidir. Sənaye müəssisələrində həm də mühəndislərlə danışmaq lazımdır. Bu çərçivədə SOCAR-ın mühəndislərinə sistem həllərini nümayiş etdiririk. Hesab edirik ki, yaxın zamanlarda SOCAR-la danışıqlarda müsbət nəticə əldə olunacaq", - deyə o qeyd edib.
SOCAR-ın konkret hansı müəssisəsində sistemin tətbiqinə gəlincə isə M.Məmmədov bildirib ki, bu gün keçirilmiş konfrans çərçivəsində "SOCAR Methanol" MMC-nin rəsmiləri ilə müzakirələr aparılıb: "Bu sistemi bütün müəssisələrdə tətbiq etmək mümkündür. Bildiyiniz kimi SOCAR-ın müəssisələrində (Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İstehsalat Birliyi) modernizasiya və yenidənqurma işləri həyata keçirilir və biz də müəssisələri sənaye təhlükəsizliyi sistemi ilə təmin etmək istəyirik".
O həmçinin əlavə edib ki, təcrübə sənaye müəssisələrinə hücum riskinin korporativlərdən daha çox olduğunu göstərir: "Müəssisələrə kiberhücumlar şirkətlərə milyon dollarlara başa gələ bilər. Böyük neft müəssisələrində sənaye sisteminin qorunmasına xüsusi diqqət yetirmək lazımdır, çünki hücumlar real fiziki təhlükə, hətta fəlakət yarada bilər".

report.az