Böyük İpək Yolunun strategiyası Mədəniyyət və Turizm Nazirliyində müzakirə edilib
30.11.2017

“Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin dünya irsində yerinin müəyyən edilməsi”, “İpək Yolunun əhatə etdiyi tarixi dövrün mədəni irsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması” mövzularının müzakirəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya İnstitutlarının alimlərinin iştirakı ilə reallaşan görüşdə Böyük İpək Yolunun strategiyası ilə bağlı müzakirələr aparılıb.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyində məlumat verilib.

Bildirilib ki, “İpək Yolu”nun strategiyası ümummilli lider Heydər Əliyevin uzaqgörən, uğurlu iqtisadi siyasətinin nəticəsidir. Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması, Avropa və dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı “TRACECA” layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması, habelə onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı.

Vurğulanıb ki, Ulu Öndər məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə “İpək Yolu”nun bərpası ideyasını gerçəkləşdirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmiz bu gün Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə, o cümlədən Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Diqqətə çatdırılıb ki, Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, min il bundan əvvəl olduğu kimi, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanını yenidən bərpa edib. Böyük İpək Yolunun yenidən bərpası ideyasının perspektivləri və ‎gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESCO-nun himayəsi ilə ‎Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə 1989-cu ildə ‎Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə ‎Donetskdə keçirilən forum və seminarlarda layihənin inkişaf məsələləri və ‎istiqamətləri müzakirə edilib.

2008-ci ildə AMEA və UNESCO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Sonra Böyük İpək Yolunun Azərbaycan tarixində tutduğu yer, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətdə aparılacaq işlər müzakirə edilib.

azertag.az